пятница, 5 марта 2010 г.

ƏRƏSTUN ORUCLUNUN HƏYATINA QƏSD CƏHDİ

Beynəlxalq hüquq sahəsində məşhur ekspert, “Şərq-Qərb” Mərkəzinin rəhbəri Ərəstun Oruclu dekabrın 15-də səhər məharətlə hazırlanmış təxribatın qurbanı ola bilərdi. Naməlum şəxslər onun Gəncəyə səfərindən bir gün əvvəl maşınının arxa təkərinin boltunu açıblar. Yalnız xoşbəxt təsadüf nəticəsində faciə baş verməyib. Bu barədə Turana Oruclu özü bildirib. “Dekabrın 14-də izləndiyimi hiss etdim, amma buna əhəmiyyət vermədim, çünki əvvəllər də belə hallar olub. Dekabrın 15-də səhər həyat yoldaşımla birlikdə Gəncəyə getməli idim və bundan bir neçə gün əvvəl telefonda qohumlarımla bu barədə dəfələrlə danışmışam. Lakin sırf təsadüf üzündən səfərimiz təxirə salındı. 15-də səhər yol gedərkən maşının arxa hissəsindən səs eşitdim və ustaya müraciət etdim. Məlum oldu ki, maşınımın arxa sol təkərində boltlar yarı-açıq vəziyyətdə idi. Həm də, məxfi bolt da açılmışdı. Planlarımız dəyişməsəydi və Gəncəyə yola çıxsaydıq, qısa vaxt ərzində təkər çıxardı və qəzaya uğrayardıq”, deyə Oruclu bildirib. O, bunun yaxşı planlaşdırılmış və təşkil edilmiş qəsdən qəza törətmə cəhdi olduğuna şübhə etmir. “Etibarlı tanışlarım vasitəsilə müəyyən etdim ki, bir neçə həftədir izlənirdim və yalnız dekabrın 15-də təqibə son qoyulub. Bu işdə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlində və “Bizim yol” qəzetinin redaktoru Bahəddin Həziyevin oğurlanaraq, döyülməsində əli olan cinayətkar qrup iştirak edib. Lakin onlar həmin vaxtki kimi açıq və həyasızcasına iş görə bilməyiblər və belə qəddar üsula əl atıblar. Kimsə mənimlə hesablaşmaq istəyirsə, ailəmin nə günahı var? Bu insanların namus, qeyrət haqqında təssəvvürləri varsə, qoy mənimlə hesablaşsınlar”, deyə Oruclu bildirib. Hadisə haqqında dərhal deyil, iki gün sonra məlumat verməsinin səbəbi barədə suala cavabda Oruclu deyib ki, bunun təsadüf olmadığından əmin olmaq istəyirdi. “Texniki ekspertiza göstərdi ki, boltlar xüsusi olaraq və təkərin çıxa biləcəyi həddə açılıb. Bunu dekabrın 15-nə keçən gecə maşını evimin həyətində qoyanda ediblər. Maşınımın bərkitmələrinin texniki quruluşu elədir ki, boltlar boşalıbsa və bərkidilməyibsə, hərəkət zamanı özləri bərkiyir. Nəhayət, etibarlı mənbələrdən bunun təsadüfi olmadığının təsdiqini aldım”. Hakimiyyətə niyə müraciət etməməsi barədə suala cavabda ekspert bildirib ki, fərqli düşünənlərin belə açıq-aşkar təqib edildiyi və jurnalistlərə və ictimai xadimlərə bir basqın faktının belə araşdırılmadığı bir ölkədə hüquq-mühafizə orqanlarına müraciət etməyin mənası yoxdur. Eyni zamanda, Oruclu qeyd edib ki, onun həyatına qəsd cəhdinin arxasında kimin durduğunu bilir. “Nə baş verdiyini bilirəm, amma mənbələri açıqlamaq imkanım yoxdur. Lakin beynəlxalq tərəfdaşlarıma məlumat vermişəm və mənimlə hesablaşmaqda əli olanların adlarını bildirmişəm”, deyə ekspert vurğulayıb. Qeyd edək ki, Ərəstun Oruclu rəsmi Bakının xarici və daxili siyasətini dəfələrlə tənqid edən Qərbyönlü ictimai xadim kimi məşhurdur. Cari ilin yayında Oruclu Azərbaycan MTN-in Eurovision müsabiqəsində sms-səsvermə zamanı erməni ifaçıları dəstəkləyən şəxsləri dindirməsi zamanı qalmaqalın mərkəzində idi. Oruclunun oğlu da MTN-ə çağırılmışdı, lakin getməkdən imtina edib. Bundan sonra Oruclu bu özbaşınalıq barədə mətbuata məlumat verib və qalmaqal beynəlxalq xarakter alıb. İş o yerə çatıb ki, Azərbaycanı hətta bu özbaşınalığa görə müsabiqədə iştirak hüququndan məhrum etmək istəyirdilər.

Комментариев нет:

Отправить комментарий