пятница, 5 марта 2010 г.

Ərəstun Oruclu: “Ermənistan istəyəcək ki, ilk addımı Türkiyə atsın”

Yanvarın 12-də Ermənistan Konstitusiya Məhkəməsi Ankara ilə Yerevan arasında imzalanmış Sürix protokollarının konstitusiyaya zidd olmadığına qərar verib. Prosedura görə, bundan sonra “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu” Ermənistan parlamentinə göndəriləcək, Ermənistan parlamentinin təsdiqindən sonra prezident və xarici işlər nazirinin imzalarıyla qüvvəyə minəcək.
Belə rəylər var ki, Ermənistan Türkiyəni fakt qarşısında qoymaq və Dağlıq Qarabağ şərtindən vaz keçirmək üçün bu prosedurları sona qədər keçəcək. Yəni protokolları parlamentdə gözlətməyəcək, təsdiqləyəcək və prezidentin imzasına təqdim edəcək. Bundan sonra isə Ermənistan və protokolların ortaya çıxması üçün vasitəçilik edən beynəlxalq birlik Türkiyəyə müvafiq proseduru keçməsi üçün təzyiq göstərəcək və Ankara protokolları TBMM-in təsdiqinə təqdim etməli olacaq.
Amma başqa rəylər də var ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra fasilə verəcək və Türkiyənin addım atmasını gözləyəcək. Bu mövqedə olan ekspertlərin fikrincə, əslində Ermənistanın protokolları Konstitusiya Məhkəməsindən keçirməsi irəliyə doğru radikal addım deyil. Ermənistan, sadəcə, bu addımı atmaqla protokolları təsdiqləmə prosedurunu Türkiyə ilə eyniləşdirib. İndi hər iki ölkə eyni xəttin üzərindədir və bu xətdən hərəkət olması üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişin olması şərtdir.
“Media forum”a danışan “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da daha çox ikinci mövqenin tərəfindədir. Onun fikrincə, Ermənistan protokolların təsdiqi məsələsində təktərəfli qaydada sona qədər getməyəcək: “Nəzəri cəhətdən bu mümkündür, amma Ermənistan hakimiyyəti birtərəfli qaydada sona qədər getsə, özünü həm ölkə daxilində, həm də diaspor tərəfdən təzyiqlərə məruz qoymuş olar. Ona görə də mənə elə gəlir ki, sona qədər getməyəcək. Sadəcə, Ermənistan Konstitusiya Məhkəməsinin qərarıyla dünyaya göstərməyə çalışdı ki, bu sahədə addım atır, prosesin önünü alan tərəf o deyil. Eyni zamanda da Yerevan Türkiyə ilə prosesin paralel getməsini təmin etmiş oldu. Məncə, bundan sonra da proses paralel gedəcək. Ermənistan istəyəcək ki, ilk addımı Türkiyə atsın. Çünki Ermənistanda bu məsələnin riski Türkiyədəkindən çoxdur”.
Ə.Orucluya görə, bu proses beynəlxalq səviyyədə razılaşdırılıb: “Beynəlxalq səviyyədə belə anlaşma var ki, bu proses Dağlıq Qarabağ probleminin həlli prosesi ilə birbaşa bağlı deyil. Ancaq bütün tərəflər anlayır ki, bu iki məsələ bir-birinə dolayısıyla bağlıdır. Yəni ən azı zamanı uzlaşdırmaq baxımından bağlılıq var”.
Politoloq hesab edir ki, Türkiyə-Ermənistan danışıqları 2010-ci ildə də öz axarı ilə davam edəcək: “Bu proses Dağlıq Qarabağ probleminə görə dayanmayacaq. Sadəcə, çalışacaqlar ki, bu proses başa çatana qədər Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyiş olsun”.
Ə.Oruclunun fikrincə, 2010-ci ildə o irəliləyişin olması gözləniləndir: “2010-cu ildə bütövlükdə Cənubi Qafqaz, Yaxın Şərq, İran regionunda böyük dəyişikliklər olacaq. O cümlədən Qarabağ məsələsində dəyişiklik olacaq. Qarabağ məsələsində irəliləyiş olmadan Cənubi Qafqazda nəyisə dəyişmək mümkün deyil. Hər kəs bunun fərqindədir”.

Комментариев нет:

Отправить комментарий