пятница, 5 марта 2010 г.

Ərəstun Oruclu: «Şeyxə hücum edənlər bilirlər ki, QMI rəhbərliyinin dindarlar arasında nüfuzu arzuolunan səviyyədə deyil»

Müstəqil İnformasiya Agentliyinin suallarına Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu cavab verir
- Ərəstun bəy, bir müddət öncə Rusiya hökuməti nurçuluq cərəyanını və «Bozqurd» təşkilatını terrorçu təşkilat qrupuna saldı. Dünən isə «Azərbaycan» qəzetində nurçuluğu təbliğ edən «Today Holdinq» qrupunun sahiblərinin erməni sevgisindən bəhs edən böyük məqalə dərc olunub. Rusiya hökumətinin qərarı ilə rəsmi dövlət qəzetinin məqaləsi arasında əlaqə ola bilərmi?

- Əlaqə birmənalı şəkildə görünür. Xüsusi ilə «Azərbaycan» qəzetinə təsiri olan hakim siyasi dairələrin Rusiyaya əlahiddə məhəbbəti və anti-Türkiyə əhval-ruhiyyəsi yaymaq cəhdləri son aylar çox qabarıb. Bu məsələdə müxtəlif bəhanələrdən istifadə olunur. Əsasən Türkiyə-Ermənistan sərhəddi məsələsi, yaxud guya rəsmi Ankaranın Qarabağ məsələsində mövqeyindən imtina etməsi kimi əsaslar gətirilir. Bunlar anti-Türkiyə fəaliyyəti üçün bir bəhanə kimi istifadədir. Məncə, bu fəaliyyətin Rusiyadan qaynaqlanması şübhə doğurmamalıdır. Çünki bu fəaliyyətin arxasında dayananlar Rusiyapərəst dairələrdir. Həm də «Azərbaycan» qəzetinə təsiri olan bu dairələr birbaşa Türkiyəni ölkəmizdə nüfuzdan salma kampaniyasını davam etdirirlər. Hətta məqalədə hədələdikləri də görünür.

- Onlar nurçuluğun Türkiyədə də müsbət qarşılanmadığını arqument kimi gətirə bilməzlərmi?

- Hüquqi baxımdan götürdükdə məqalədə sadalanan «Çağ» Öyrətim, «Qafqaz» Universiteti, «Today s Zaman» qruplarının hər biri ayrılıqda hüquqi şəxsdir. Yəni bu qurumların heç birinin nizamnaməsində və yaxud fəaliyyət planında kimə məxsus olduqları yazılmayıb. Ona görə də bu məsələləri hüquq çərçivəsində həll etmək lazımdır. Əks təqdirdə məlum yanaşma qeyri-hüquqidir.

- Ancaq fakt budur ki, hakimiyyətin yuxarı dairələrindən nurçuluğa olan simpatiya gizlədilmir. Hətta parlamentin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova Fətulla Gülən haqqında müsbət fikirlərini dəfələrlə səsləndirib...

- Mən komitə sədrinin bu istiqamətdə çıxışlarının şahidi olmamışam. Amma nurçuluq bir təriqət kimi mövcuddursa, əleyhdarları olduğu kimi, tərəfdarları da olacaq. Bu, təbii haldır. Azərbaycanda vəhhabiliyin də tərəfdarları var və onlar kifayət qədər açıq fəaliyyət göstərirlər. Eyni zamanda nurçuluğun da tərəfdarları ola bilər və «Etiqad azadlığı» Qanunu özündə bu məsələləri əhatə edir.

- Söhbət bu dini təriqətin hakim dairələrə sirayət etməsindən gedirsə, vəziyyətin hansı səviyyədə olduğunu göstərmirmi?

- Əgər insanın şəxsi inancıdırsa, bu başqa məsələ. Amma şəxsi inanc hakim dairələrin təmsilçilərinin ölkə siyasətinə təsirindən gedirsə, bunun qarşısını almağın hüquqi mexanizmi var.

- Bu təriqətlər hakim dairələrlə biznes əlaqəsinə giriblərsə, maraqların toqquşması hansı nəticə verə bilər?

- Bu barədə məlumatım olmadığından yalnız ehtimallar irəli sürmək olar. Yalnız konkret məlumat əsasında nəsə demək olar.

- Ərəstun bəy, son bir neçə ayda məscidlərin sökülməsi və bəzi anti-din çıxışlar hansı amillərdən doğur?

- Birinci, ictimaiyyətdə aparılan mədəniyyət, təhsil siyasətinə bir əks reaksiya yaranıb. Bu durum insanları dini dəyərlərə sığınmağa vadar edir və son nəticədə kimlərsə insanların inancından maraqları üçün istifadə edə bilər. Belə olduqda bu, hakimiyyət dairələrində müəyyən ehtiyatlılıq yaradır. Bilirsiniz ki, demokratik müxalifətlə danışmaq qat-qat asandır, nəinki radikal dinçilərlə.

Digər ehtimal ondan ibarətdir ki, kimlərsə dini hissləri qızışdırmaqda və dini təmayüllü müxalifətin yaranmasına şərait yaratmaq istəyir. Sonra da, üzr istəyirəm ifadəmə görə, sivil dünyanın gözünə soxmaq istəyirlər ki, Azərbaycanda dini müxalifət var və biz məcburuq bu müxalifətlə insan haqları ilə yox, zopa dilində danışaq.

- Əgər ötən həftə parlamentdə hakim çoxluğu təmsil edən Siyavuş Novruzov hansısa dini qrupu yox, Şeyxi hədəfə alırsa, bu, necə qiymətləndirilə bilər?

- Bu sual deputata verilsəydi daha yaxşı olardı. Hər halda ölkənin ali dini rəhbərliyinə hörmətlə yanaşmaq lazımdır. Çünki konstitusiyamızda öz əksini tapıb ki, din dövlətdən ayrıdır. Düzdür, Ruhani İdarə rəhbərliyi müxtəlif siyasi bəyanatlar verməklə, o cümlədən prezident seçkisi öncəsi hansısa namizədə səs verməyənin kafir olduğunu söyləməklə özünü nüfuzdan salıbdır. Görünür, parlamentdəki çıxış da bu məqamla bağlıdır. Həm də iqtidar rəsmiləri heç bir zaman nüfuzu olan dini rəhbərlərə hücum etməzdilər. Məncə, vəziyyətin bu həddə çatmasında hər iki tərəfin günahı var. Yaxud da hakimiyyətdaxili çəkişmələrin təzahürləri də mümkündür.

- Bəs Şeyxin deputata cavabı adekvat idimi?

- Dini icma olaraq Qafqaz Müsəlmanları İdarəsi əhali və dindarlar arasında daha pozitiv rol oynaya bilərdi.

- Bəlkə bu pozivitizm olmadığından YAP-çı deputat Şeyxi hədəfə alır?

- Şeyxə hücum edənlər bilirlər ki, Müsəlmanlar İdarəsi rəhbərliyinin dindarlar arasında nüfuzu arzuolunan səviyyədə deyil və müdafiə də istənilən şəkildə olmayacaq. Biz faktiki olaraq mətbuatda Şeyxin müdafiəsini görmədik. Görünür, belə olacağını əvvəlcədən hesablayıblar.

Natiq CAVADLI

Комментариев нет:

Отправить комментарий