пятница, 5 марта 2010 г.

Ərəstun Oruclu: "Mən yalnız Elmar Hüseynovun valideynlərinin halına acıyıram"

«Azadlıq» radiosunun redaktoru Xədicə İsmayılovanın Fridrix Nauman Fondunun Bakı ofisinin və Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə müsahibəsi

-Ərəstun bəy, Rusiya prezidenti Medvedyevin Fransada verdiyi bəyanatları Cənubi Qafqaz dövlətləri üçün necə qiymətləndirilə bilər?

-Birincisi, İran çalışacaq ki, çevrəsindəki dövlətlərlə, o cümlədən də Türkiyə ilə bağlı münasibətlərini maksimal dərəcədə tənzimləsin. Yəni Amerika və İsrail tərəfindən İrana qarşı hər-hansı sanksiya və hərbi xarakterli addımlar atlacağı təqdirdə ən azı bu dövlətlərin həmin aksiyalara dəstək verməsinin qarşısı alınsın. Amma rəsmi Tehran region dövlətlərini maksimum öz tərəfinə çəkməyə çalışacaq. İran bu istiqamətdə addımlar atır. Təkcə Azərbaycana göstərilən təzyiqləri, Türkiyə ilə diplomatik fəallığı göstərə bilərik. Bu ölkələrdən cavab alınmayacağı təqdirdə müxtəlif islamçı qrupların əli ilə sabitliyi pozmağa nail olmağa cəhd edəcək.

- Ərəstun bəy, artıq qondarma «erməni soyqırımı» ilə bağlı məsələ bir səs çoxluğu ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komisiyasında qəbul edildi. Sizcə bu Amerika-Türkiyə münasibətlərinə gələcəkdə necə təsir göstərəcək ?

- Qondarma «erməni soyqırımı»nın istər Birləşmiş Ştatlar, istərsə də ayrı-ayrı dünya dövlətləri tərəfindən tanınması məqsədilə ermənilər uzun müddətdir ki, çalışır və bu istiqamətdə müəyyən addımlar atırlar. Bu gün də həmin «mübarizə» davam edir. Adətən hər hansı bir məsələ Konqresin xarici əlaqələr komisiyasında müzakirə olunub qəbul edildikdən sonra sənəd onun tövsiyəsi ilə Nümayəndələr Palatasına təqdim edilir. Müzakirələrin gedişində əgər palata sənədi təsdiqləyərsə, bundan sonra prosedur qaydaya əsasən həmin sənəd Senata göndərilir. Senatda təsdiq olunandan sonra isə həmin sənədin təsdiqlənib-təsdiqlənməməsi prezidentin səlahiyyətlərinə daxil olur. Prezident bu və ya digər sənədi təsdiqləyə və ya veto qoya bilər. Yalnız prezidentin təsdiqindən sonra həmin qanun qüvvəyə minir.

- Ərəstun bəy, son zamanlar «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli yenidən mətbuatın gündəmindəir. Mərhumun hazırda Norveçdə yaşayan həyat yoldaşı Ruşaniyə Hüseynova öz müsahibəsində bildirmişdir ki, 2005-ci ildə Türkiyədən gəlmiş xəfiyyələr qətlin Hacı Məmmədov tərəfindən törədilməsini bildirmişlər. Sizin mövqeyinizi bilmək maraqlı olardı.

-Bilirsinizmi əvvəldən bəzi şəxslər və qurumlar Elmar Hüseynovun qətlindən dividentlər əldə etməyə çalışdılar ki, onlardan biri də mərhumun həyat yoldaşı Ruşaniyə Hüseynovadır. Elmarın qətlindən sonra mərhumun adına təsis olunmuş Fonda daxil olan maliyyə vəsaitini mənimsəyərək Norveçə mühacirət edən R.Hüseynova beynəlxalq təşkilatlardan pul almaq məqsədilə vaxtaşırı bu məsələni qabardır. Sizi inandırıram ki, Elmar Hüseynov hec də yadına düşmür. Təkrar edirəm, Ruşaniyənin məqsədi baş vermiş faciədən istifadə edərək maksimum maddi qazanc əldə etmək olmuşdur. Mən yalnız Elmar Hüseynovun valideynlərinin halına acıyıram, çünki mərhumun ölümündən əsas sarsıntı keçirən onlardır. Ruşaniyə kimi qıraqdan hay-küy salanlar isə təəssüflər olsun ki, Elmarın ölümündən maddi və siyasi məqsədləri üçün istifadə edirlər.

-Eynulla Fətullayevin son açıqlamalırna münasibətiniz necədir?

Eynullanın son müraciətindən xəbərim var. Ümumiyyətlə onun şəxsiyyəti və bir qəzetçi kimi fəaliyyəti cəmiyyətdə birmənalı qarşılanmır. Ola bilsin ki, onun dediklərində həqiqətə uyğun müəyyən məqamlar olsun. Amma, Eynulla Fətullayevin Elmar Hüseynovun qətlindən öncə onunla bir yerdə olması və ümumiyyətlə onların daima birgə fəaliyyət göstərmələri xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı kimi, bu qətllə bağlı məndə ona qarşı müəyyən şübhələr yaradır. Bilirsinizmi, Eynulla Fətullaevin Ermənistanla sıx əlaqədə olması, tez-tez Dağlıq Qarabağa səfərlər edərək orada erməni separatçıları ilə görüşlər keçirməsi, Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədilməsinə dair sərsəm fikirlər səsləndirməsi bir profesional kimi məni düşündürür. Hesab edirəm ki, istintaq bu məqamları hələ də araşdırmamışdır. Çox təəssüflər olsun ki, xüsusi xidmət orqanları da əsas vəzifələrini unudaraq, bu kimi halların araşdırılmasına əhəmiyyət vermək əvəzinə güclərini narkotik tutmaq kimi cılız işlərə sərf edirlər.

- Sizcə məlum 24 aprel müraciəti zamanı ABŞ prezidenti Barak Obama qondarma «soyqırımı» tanıyacaqmı ?

- Barak Obama seçkiqabağı vədlərində hətta yazılı şəkildə mövqe ortaya qoymuşdu ki, prezident olacağı təqdirdə 1915-ci ildə baş vermiş hadisəni soyqırım kimi tanıyacaq. Ancaq Obama prezident olandan sonra üzərinə düşən məsuliyyəti hiss edib belə bir addım atmadı. İstisna edilmir ki, Barak Obama hazırki vəziyyətdə də belə bir addım atmayacaq və qondarma «erməni soyqırımı»nı tanımayacaq. Çünki Türkiyə hazırki situasiyada Birləşmiş Ştatlar üçün daha əvəzsiz strateji müttəfiqə çevrilib.

- Ərəstun bəy, ölkədəki seçkiöncəsi vəziyyəti necə dəyərləndirirsiniz?

Seçkilərə siyasi partiyalar tərəfindən ciddi şəkildə hazırlaşmağa ehtiyac var. Bunun üçün ilk növbədə dağınıq siyasi qüvvələr öz imkanlarını nəzərdən keçirməli və müvfaiq addımlar atmalıdırlar.